“Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişiklikləri iki qrupa ayırmaq olar:
1) kosmetik (prinsipial xarakter daşımayan) əlavə və dəyişikliklər;
2) prinsipial xarakterli əlavə və dəyişikliklər.
Birinci qrupa aid olan əlavə və dəyişikliklərə qanunun 1-3, 5, 6, 6-1, 7, 8, 9, 11, 12, 12-1, 14.1, 18, 20, 21, 22-ci maddələrinə təklif olunan əlavə və dəyişiklikləri misal göstərmək olar. Bu yeniliklər prinsipial xarakter daşımır, qüvvədə olan qanunvericiliyi təkrar edir.
Qanunun 9, 10-cu maddələrinə təklif olunan əlavə və dəyişikliklər siyasi partiyaların nizamnamələrində göstərilir.
İkinci qrupa aid olan əlavə və dəyişikliklər (m. 4, 12.1.4, 12-1.2, 13, 14.2, 16, 17, 17-1, 19) prinsipial xarakter daşıyır və xeyli suallar doğurur.
Qanunun 4-cü maddəsinə təklif olunan əlavə və dəyişikliklər içərisində ən çox irad doğuran dəyişiklik qeydiyyat normasının 1000-dən 5000-ə qaldırılmasıdır. Bu dəyişiklik hakimiyyətə loyal olmayan partiyaları cəzalandırmaq məqsədi daşıyır.
Siyasi partiyanın gücü, cəmiyyətə təsiri və fəaliyyətinin faydalılıq əmsalı təkcə onun üzvlərinin sayı ilə müəyyən olunmur. Kəmiyyət göstəricisinə görə siyasi partiyanın qeydiyyatından imtina birləşmək azadlığının əsassız məhdudlaşdırılmısıdır.
Qanunun 12.1.4-cü maddəsinə təklif olunan dəyişiklik həmin normanın indiki mətnindən bir addım geri getməkdir. Qanunun bu maddəsinin qüvvədə olan mətnində siyasi partiyaların hüquqlarından biri belə ifadə edilmişdi: siyasi partiya “dövlət orqanları qərarlarının hazırlanmasına demokratik yolla təsir göstərir”. Dəyişikliyə görə, bu hüquq belə ifadə edilir: “dövlət qurumlarının qərarlarının hazırlanması üçün təkliflər təqdim etmək”.
Təklif edilən 12-1.2-ci maddəyə görə, “Siyasi partiyanın rəhbər orqanlarının qərargahı Azərbaycan Respublikasının ərazisində yerləşməlidir”. Bu norma o zaman qanuna daxil edilə bilər ki, qanun siyasi partiyaları qərargahla təmin etmək vəzifəsini dövlətin üzərinə qoysun.
Qüvvədə olan qanunun 13-cü maddəsinə görə, “dövlət ... partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə, bu məqsədlə dövlət mühafizə xidmətinin yaradılmasına və onun təchizatının təşkil edilməsinə təminat verir”. Təklif olunur ki, “bu məqsədlə dövlət mühafizə xidmətinin yaradılmasına və onun təchizatının təşkil edilməsinə təminat verir” sözləri qanundan çıxarılsın.
Konstitusiyanın 58-ci maddəsinə əsasən bütün birliklərin, o sıradan siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Siyasi partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat da həmin konstitusion müddəadan irəli gəlir. Dəyişiklik dövlətin bu vəzifədən boyun qaçırmaq cəhdlərinin təzahürüdür.
Layihədə qanunun 14.2-ci maddəsi belə təklif olunur: “Təsis və dövlət qeydiyyatı fəaliyyətləri istisna olmaqla, dövlət qeydiyyatından keçməmiş siyasi partiya adından ictimaiyyət arasında çıxış etmək və fəaliyyət göstərmək, yaxud onun fəaliyyətində və ya fəaliyyətinin təşkil olunmasında iştirak etmək qadağandır”.
Bu norma Konstitusiyanın 47 (fikir və söz azadlığı), 49 (sərbəst toplaşmaq azadlığı) və 58-ci (birləşmək azadlığı) maddələrinə ziddir. Belə çıxır ki, aylarla, bəzən hətta illərlə uzanan qeydiyyat prosesində siyasi partiyanın təmsilçisi televiziyada çıxış edə və ya Ədliyyə Nazirliyi qarşısında piket təşkil edə, hətta onda iştirak edə bilməz. Çünki bu, layihənin 22-ci maddəsinə və qanunvericiliyə görə məsuliyyətə səbəb olacaq.
Qanunun 16-cı maddəsinin yeni mətni də ciddi etirazlar doğurur. Maddə siyasi partiyanın fəaliyyətinin dayandırılmasını və buraxılmasını nəzərdə tutur. Müvafiq icra hakimiyyəti orqanı (çox güman ki, Ədliyyə Nazirliyi) siyasi partiyaya xəbərdarlıq edə və onun fəaliyyətinin dayandırılması və ya buraxılması barədə məhkəmədə iddia qaldıra bilər.
Birinci, xəbərdarlığın hansı hallarda, hansı qanun pozuntularına görə edilə biləcəyi konkretləşdirilmir. Göstərilir ki, “Siyasi partiya Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı siyasi partiyaya yazılı xəbərdarlıq göndərməlidir”.
İkinci, siyasi partiyanın fəaliyyəti işə məhkəmədə baxılması və qərar qəbul olunmasına qədər dayandırıla bilər. Belə çıxır ki, Ədliyyə Nazirliyi istənilən halda siyasi partiyanın fəaliyyətinin dayandırılmasına nail ola bilər. Üstəlik, hələ bəlli deyil ki, onun xəbərdarlığı və iddiası nə dərəcədə qanuni və əsaslıdır.
Üçüncü, “Seçki Monitorinq Mərkəzi” və başqa təşkilatların ləğvi ilə bağlı məhkəmə prosesləri göstərdi ki, məhkəmə hakimiyyətinin müstəqil olmadığı şəraitdə Ədliyyə Nazirliyinə belə ölçüsüz səlahiyyətlər verilməsi müstəqil qeyri-kommersiya qurumları üçün ciddi təhlükə yaradır.
Dördüncü, 16.7-ci maddənin mətni (“Fövqəladə halla nəticələnən halların aradan qaldırılmasına mane olan siyasi partiyaların fəaliyyəti məhkəmə qərarı ilə dayandırıla bilər”) aydın deyil və hansı halların nəzərdə tutulduğu bəlli olmur.
17-ci maddənin yeni mətni də mürtəce xarakterlidir.
Birinci, 17.2.8-ci maddədə beynəlxalq ictimai təşkilatlar və beynəlxalq ictimai hərəkatlara, 17.2.10-cu maddədə isə ictimai assosiasiyalar, fondlar (təsisatlar), dini təşkilatlara siyasi partiyalara maliyyə yardımı və ianə vermələri qadağan olunur.
“Beynəlxalq ictimai təşkilatlar və beynəlxalq ictimai hərəkatlar, ictimai assosiasiyalar, fondlar (təsisatlar)” həddən artıq geniş spektri əhatə edir, əsassız məhdudiyyətdir və inqilab, çevriliş qallüsinasiyasının məhsuludur.
Bu qayda Azərbaycan qanunvericiliyinin qaydalarına və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə də uyğun deyil.
İkinci, 17.2.12-ci maddədə siyasi partiyalara maliyyə yardımı və ianə verən şəxslər barədə ölçüsüz dərəcədə geniş məlumatların tələb olunması bu şəxsləri siyasi partiyalara maliyyə yardımı və ianə verməkdən çəkindirmək məqsədi güdür və onlara qarşı təqiblərə şərait yarada bilər.
19.6 və 19.8-ci maddələr də bu məqsədlərə xidmət edir və əsassız qaydalar müəyyən edir.
17-1-ci maddənin təklif olunan mətni dövlət büdcəsindən siyasi partiyalara malıyyə ayrılması qaydalarına həsr olunub. 17-1.2-ci maddəyə əsasən “Dövlət büdcəsindən ayrılmış malıyyənin 10 %-i Azərbaycan Respublikasının Milli Məclisinə son seçkilərdə namizədlər irəli sürmüş, etibarlı səslərin ən azı 3 %-ini qazanmış, lakin Milli Məclisdə təmsilçilik qazanmamış siyasi partiyalar arasında qazanılmış səs sayına uyğun olaraq bölünməlidir. Maliyyənin 40 %-i Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmuş siyasi partiyalar arasında bərabər bölünməli, 50 % isə seçilmiş deputatların sayına uyğun olaraq proporsional bölünməlidir”.
Bu qayda düzgün deyil və dövlət büdcəsindən siyasi partiyalara ayrılmış malıyyə vəsaitlərinin yarıdan çoxunun hakimiyyət partiyasının mənimsəməsinə hüquqi baza yaradılmasına yönəldilib. Legitim sayılmayan seçkilərin dövlət büdcəsindən ayrılan maliyyənin bölüşdürülməsi üçün, özü də bu nusbətdə bölgüsü üçün meyar seçilməsi əsaslı və ədalətli deyil.
Dövlət büdcəsindən siyasi partiyalara ayrılmış malıyyə vəsaitlərinin bölüşdürülməsinin bir neçə variantı təklif edilməlidir. Bu zaman kriteriya təkcə seçkilərin nəticələri olmamalıdır. Qeydə alınmış siyasi partiyalar, seçkilərdə namizədlər irəli sürülməsi, partiyaların reytinqi və başqa meyarlar kompleks şəkildə nəzərə alınmalıdır.
Siyasi partiyaların ofis, nəqliyyat vasitələri, zəruri avadanlıq və işçi heyəti ilə təmin olunmasına imkan verən maliyyələşmə qaydası müəyyən edilməlidir.
17-1.4-cü maddəyə əsasən dövlət büdcəsindən ayrılmış məbləğ ildə 4 dəfə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülməlidir. Bu qayda da siyasi partiyalara təzyiq məqsədinə xidmət edir və onları hakimiyyətdən asılı duruma sala bilər. Ayrılmış məbləğ ilin əvvəlində bütünlüklə siyasi partiyanın bank hesabına köçürülməlidir və ondan nə vaxt, necə istifadə etməyi siyasi partiya müstəqil müəyyən etməlidir.
axırıncı dəyişikliklər (07.12.11 13:00)
© 2011 Azerbaijan Lawyers Association
All Rights Reserved.
Joomla 1.5 Templates Joomla Web Hosting cushion cut engagement rings Joomla Templates joomla hosting