Qanun layihəsində bəzi prinsipial məsələlər nizamlanmadığından və daha çox maddi təminat məsələləri qabardıldığından qanun layihəsi keçmiş Prezidentin və onun ailə üzvlərinin maddi təminatı haqqında qanun təsiri bağışlayır. Toxunulmağlıqla bağlı bəzi məsələlər – telefon danışıqları, yazışma sirri, şəxsi toxunulmazlıq və s. yarımçıq nizamlanıb. Qanun layihəsinin məqsədi sanki keçmiş Prezidentə törətdiyi cinayətlərə görə mütləq toxunulmazlıq hüququ verməkdir. Üstəlik, bu hüquqların onun arvadına (ərinə) də aid edilməsi onların subyektlərinin əsassız olaraq genişləndirilməsi deməkdir. Ümumiyyətlə, bu həddə toxunulmazlığın keçmiş Prezidentin arvadına (ərinə) aid edilməsinin heç bir hüquqi əsası yoxdur.

 

Layihə bəzi hallarda qanunvericilik texnikasının tələblərinə də cavab vermir.

1. Layihədə qanunun məqsədi göstərilməyib. Yaxşı olardı ki, layihəyə belə bir maddə əlavə olunsun: “Bu Kons­ti­tu­si­ya Qa­nu­nu­nun məq­sə­di Azər­bay­can Res­pub­li­ka­sı Kons­ti­tu­si­ya­sı­nın 108-ci mad­də­si­nin ikin­ci his­sə­si­nə uy­ğun ola­raq əv­vəl­lər Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti se­çil­miş şəx­sin və onun ailə üzvlərinin tə­mi­na­tı qay­da­la­rı­nı mü­əy­yən et­mək­dir”.

Bu, “Anlayışlar” maddəsinin daha lakonik və birmənalı mətnini tərtib etməyə də imkan verərdi.

2. “Anlayışlar”a həsr olunmuş 1-ci maddə uzun və yayğındır. 1.1.1 – 1.1.3-cü maddələri bir cümlə ilə də ifadə etmək olardı.

3. Öhdədə olan uşaqlar üçün ayrılan müavinətin onlar arasında bərabər bölüşdürülməsi barədə qayda qoyulması düzgün deyil. Uşaqlardan birinin səhhəti, təhsili və s. bağlı daha çox xərcə ehtiyacı ola bilər. Ona görə də bu məsələ qanunla yox, uşaqların hüquq və mənafelərini müdafiə edən şəxslərin və orqanların qərarı ilə həll edilməlidir.

4. Layihənin 7-ci maddəsində “pensiya, müavinət və ya digər ödənişlərin dəyəri müflisin aktivlərinin heç bir hissəsini təşkil etmir” sözləri “tələb pensiya, müavinət və ya başqa ödənişlərə yönəldilə bilməz” kimi ifadə edilməsi qanunvericiliyin ümumi qaydalarına və stilistikasına daha uyğun olardı.

5. Layihənin 10-cu maddəsində keçmiş Prezidentin təminatları içərisində ev və bağ evi də göstərilməlidir.

10.2.1-ci maddədə göstərilən “təmsilçilik xərcləri”nin mahiyyəti aydın deyil.

6. “Keçmiş Prezidentin və onun arvadının (ərinin) toxunulmazlığı” adlanan 11-ci maddənin mətni qüsurludur və daha çox irad doğurur.

Birinci, keçmiş Prezidentin seçilməzdən qabaq və Prezident səlahiyyətlərini icra etdiyi dövrdə törətdiyi bütün cinayətlərə görə məsuliyyətdən azad edilməsi düzgün deyil və qanunvericuiliyin ümumi qaydalarına ziddir. Konstitusiyanın 80, 103, 107-ci və başqa maddələri  kimin üçünsa belə ölçüsüz immunitet müəyyən etməyə imkan vermir. Xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş şəxsin Konstitusiya ilə müəyyən olunmuş vəzifələrini və andını pozduğu halda məsuliyyətdən azad edilməsi barədə norma Konstitusiyaya uyğun deyil.

İkinci, 11.3-cü maddədə keçmiş Prezidentin toxunulmazlığının başqa məsələləri daha ətraflı nizamlanmalıdır.

Last Updated (Wednesday, 23 November 2011 12:12)