DÖVLƏT SOSİAL SİFARİŞİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASININ

QANUNU

 

I. ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Bu Qanunun məqsədi və təsir dairəsi

1.1. Bu Qanunun məqsədi dövlət sosial sifarişlərinin tənzimlənməsi yolu ilə sosial əhəmiyyətli məsələlərin həllinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi və dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının hüquqi əsaslarını yaratmaqdır.

1.2. Bu Qanun dövlət sosial sifarişlərini Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarının yerinə yetirməsi ilə bağlı münasibətləri nizama salır.

 

Maddə 2. Dövlət sosial sifarişi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Dövlət sosial sifarişi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarından ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

 

Maddə 3. Dövlət sosial sifarişlərinin tənzimlənməsinin əsas prinsipləri

Dövlət sosial sifarişlərinin tənzimlənməsi qanunçuluq, tərəfdaşlıq, şəffaflıq, uzlaşdırma, hesabatlılıq və məsuliyyət prinsiplərinə əsaslanır.

Maddə 4. Əsas anlayışlar

4.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənanı verir:

4.1.1. dövlət sosial sifarişi – sosial layihələrin dövlət büdcəsindən maliyyələşdirilməsi əsasında işlər görülməsi və xidmətlər göstərilməsi;

4.1.2. qeyri-hökumət təşkilatı – «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununda bu cür təsnif edilmiş qurumlar;

4.1.3. sosial layihələr (proqramlar) – sosial ehtiyacların və problemlərin həllinə yönəldilmiş iqtisadi, hüquqi və təşkilati tədbirlər kompleksi;

4.1.4. tenderdövlət sosial sifarişlərinin yerinə yetirilməsi üzrə iddiaçıların yazılı təqdim etdikləri sosial layihələrin (proqramların) ən səmərəlisinin seçilməsi məqsədilə keçirilən müsabiqə;

4.1.5. İddiaçı — tender şərtlərinə əsasən sosial layihələr (proqramlar) təqdim edən qeyri-hökumət təşkilatı;

4.1.6. İcraçı –tender nəticəsində qalib gələrək sosial sifarişlərin yerinə yetirilməsi üçün icraçı ilə müqavilə bağlayan qeyri-hökumət təşkilatı;

4.1.7. Sifarişçi – sosial sifarişləri formalaşdıran, onların həyata keçirilməsi üçün tender keçirən və nəticəsi üzrə işlər görülməsi və xidmətlər göstərilməsini müqavilə əsasında hər hansı qeyri-hökumət təşkilatına həvalə edən və sosial sifarişin yerinə yetirilməsinə nəzarət edən ixtisaslaşmış orqan.

 

Maddə 5. Sosial sifariş sahələri

5.1. Sosial sifariş aşağıdakı fəaliyyət sahələrində həyata keçirilir:

5.1.1. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi;

5.1.2. qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi;

5.1.3. qaçqın, məcburi köçkün, əlil və veteranların problemlərinin həll edilməsi;

5.1.4. vətəndaşlara sosial yardım və onların sosial müdafiəsi;

5.1.5. azərbaycançılıq ideyasının təşviq olunması;

5.1.6. Azərbaycanın dünya birliyinə inteqrasiya olunması;

5.1.7. beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi;

5.1.8. demokratik dəyərlərin təbliği, vətəndaş cəmiyyətinin inkişafı, siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması;

5.1.9. hüquq maarifçiliyi, vətəndaşların hüquqi birliklərinin inkişaf etdirilməsi;

5.1.10. insan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsi;

5.1.11. kütləvi informasiya vasitələrinin inkişafı, söz, fikir və ifadə azadlığının genişlənməsi;

5.1.12.təhsil, elm, texnika, mədəniyyət və incəsənətin inkişaf etdirilməsi;

5.1.13. tarixi və mədəni irsin təbliği, tarix və mədəniyyət abidələrinin qorunması;

5.1.14. ətraf mühitin mühafizəsi;

5.1.15. gender problemlərinin həlli, uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı;

5.1.16. əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, insanların mənəvi-psixoloji durumunun yaxşılaşdırılması;

5.1.17. sosial əhəmiyyətli başqa fəaliyyət sahələri.

Maddə 6. Sosial sifarişlərin maliyyələşdirilməsi Sosial sifarişlərin maliyyələşdirilməsi Qeyri Hökumət Təşkilatlarına Yardım Fondunun vəsaitləri hesabına həyata keçirilir. II. Qeyri Hökumət Təşkilatlarına Yardım Fondu Maddə 7. Fondun təşkili və fəaliyyətinin əsasları 7.1. Qeyri Hökumət Təşkilatlarına Yardım Fondu qeyri-hökumət təşkilatlarının inkişafına və onların həyata keçirdiyi proqram və layihələrin, o cümlədən dövlət sosial sifarişlərinin maliyyələşdirilməsinə dəstək məqsədilə yaradılan büdcədəkənar dövlət təsisatıdır.7.2. Fondun vəsaitləri fondun istifadəsinə dövlətin əvəzsiz verdiyi əmlak, Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmalar, fiziki və hüquqi şəxslərin ianələri, xarici dövlətlər və beynəlxalq təşkilatların verdiyi qrantlar və başqa yardımlar, qanunla qadağan olunmayan başqa mənbələr hesabına formalaşır.7.3. Fonda dövlət büdcəsindən ayırmalar hər il Azərbaycan Respublikasının dövlət büdcəsində ayrıca sətirlə nəzərdə tutulur.7.4. Fond fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının dövlət orqanları ilə, fiziki və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.7.5. Fond Azərbaycan Respublikasının Milli Məclisi qarşısında hesabat verir və məsuliyyət daşıyır.

Maddə 8. Fondun fəaliyyət istiqamətləri

8.1. Fondun fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:

8.1.1. qeyri-hökumət təşkilatlarının inkişafına kömək məqsədilə maliyyənin cəlb olunması və səmərəli istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək;

8.1.2. qeyri-hökumət təşkilatlarının məliyyə təminatlarının formalaşdırılması və möhkəmləndirilməsi sahəsində əlavə tədbirlər həyata keçirmək;

8.1.3. vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətini dəstəkləmək;

8.1.4. sosial sifarişləri və qeyri-hökumət təşkilatlarının təqdim etdikləri konkret layihələri maliyyələşdirmək.

8.2. Qanunla Fondun fəaliyyətinin başqa istiqamətləri də müəyyənləşdirilə bilər.

 

Maddə 9. Fondun idarə olunması

9.1. Fondun ali idarəetmə orqanı 9 üzvdən ibarət Müşahidə Şurasıdır.

9.2. Müşahidə Şurasının 3 üzvü qeyri-hökümət təşkilatlarının, 3 üzvü dövlüt orqanları ilü qeyri-hökumüt tüşkilatları arasında ümükdaşlığın tüşviqi vü qeyri-hökumüt tüşkilatlarına dövlüt düstüyinin hüyata keçirilmüsi sahüsindü orqanın irəli sürdüyü namizədlər sırasından, 3 üzvü isə müstəqil ekspert və mütəxəsislər sırasından Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun qaydada təyin edilir.

9.3. Fondun cari fəaliyyətinə Müşahidə Şurasının təyin etdiyi İcraçı Direktor rəhbərlik edir.

9.4. Müşahidə Şurası üzvlüyünə namizədlərin irəli sürülməsi qaydası, Müşahidə Şurasının və İcraçı Direktorun səlahiyyətləri, fəaliyyət qaydası, Fondun idarə olunması və fəaliyyətinin təşkili ilə əlaqədar başqa məsələlər uyğun icra hakimiyyəti orqanının təsdiq etdiyi Əsasnamə ilə nizama salınır.

III. Sosial sifarişlərin verilməsi

Maddə 10. Sosial sifarişlərin formalaşdırılması və verilməsinin ümumi şərtləri

10.1. Sosial sifarişləri dövlət sosial proqramları, uyğun icra hakimiyyəti orqanlarının və qeyri-hökumət təşkilatlarının təklifləri əsasında sifarişçi formalaşdırır.

10.2. Sosial sifarişlər açıq tenderlər vasitəsilə verilir.

 

Maddə 11. Sifarişçinin hüquqları və vəzifələri

11.1. Sosial sifarişlərin verilməsi üzrə tenderlərin təşkili ilə əlaqədar olaraq sifarişçi:

11.1.1. elanlar verir və tender komissiyasını yaradır;

11.1.2. sosial sifariş üzrə vəsaitə olan tələbatı qiymətləndirir;

11.1.3. layihələrin təqdim olunma formalarını, müddətlərini və təqdim edilməsi zəruri olan sənədlərin siyahısını müəyyən edir;

11.1.4. təqdim olunmuş layihələrə baxılması, onların müqayisəsi, təhlili, qiymətləndirilməsi və müsabiqənin qalibinin müəyyən edilməsi meyarlarını müəyyən edir;

11.1.5. tenderin qalibi ilə sosial sifarişin yerinə yetirilməsi və ayrılmış vəsaitlərin istifadə edilməsi şərtləri haqqında müqavilə bağlayır;

11.1.6. tenderin baş tutmamış hesab edilməsi hallarını müəyyən edir;

11.1.7. tenderin nəticələri barədə məlumatları dərc edir;

11.1.8. layihələr üzrə qeyri-hökumət təşkilatlarının müqavilə öhdəliklərini yerinə yetirməsinə nəzarət edir, öhdəliklərin pozulması və sui-istifadə hallarını araşdırır, uyğun tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edir;

11.1.9. layihələrin həyata keçirilməsi ilə bağlı qeyri-hökumət təşkilatlarının hesabatlarını nəzərdən keçirir və qiymətləndirmə aparır.

11.2. Sifarişçi tenderdə iştirak edən bütün qeyri-hökumət təşkilatlarına bərabər şərait və imkanlar yaradılmasını təmin edir.

11.3. Layihələrin həyata keçirilməsi prosesində sifarişçi qeyri-hökumət təşkilatlarına konsultativ, metodiki, təşkilati-texniki və başqa formalarda yardım göstərir.

Maddə 12. Tenderin elan olunması

12.1. Sosial sifarişlərin verilməsi üzrə tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl fəaliyyəti respublikanın bütün ərazisinə yayılan (yayımlanan) kütləvi informasiya vasitələrində verilməli, sifarişçinin rəsmi İnternet saytında yerləşdirilməlidir.12.2. Tender elanında aşağıdakılar göstərilir:12.2.1. tenderin məqsədi və sosial sifarişin predmeti (həlli vacib sayılan sosial ehtiyaclar və ya problemlər) haqqında məlumat;12.2.2. tender prosedurlarının başlanması vaxtı və yeri;12.2.3. tenderdə iştirak üçün tələb olunan sənədlər;

12.2.4. təqdim olunan layihələrin forma və məzmununa dair tələblər;

12.2.5. təqdim olunan layihələrə baxılması, onların müqayisəsi, təhlili, qiymətləndirilməsi və müsabiqənin qalibinin müəyyən edilməsi meyarları; 12.2.6. layihələrin verilməsinin son tarixi və yeri;12.2.7. əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi;

Maddə 13. Tender komissiyası

13.1. Tender komissiyasını iddiaçıların təqdim etdikləri layihələrə baxılması, onları müqayisə və təhlil etmək, qiymətləndirmək və qalibi müəyyənləşdirmək məqsədilə sifarişçi yaradır.

13.2. Tender komissiyasının tərkibinə sifarişçinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və uyğun sahə üzrə müstəqil ekspertlər və mütəxəsislər daxil edilir.

13.3. Tender komissiyasının sədrini komissiyanın üzvləri seçir.14.4. Tenderə layihə təqdim edən qeyri-hökumət təşkilatlarının nümayəndələri, təqdim olunmuş layihədə iştirakı nəzərdə tutulan ekspert və mütəxəssislər tender komissiyasının üzvü ola bilməzlər.13.5. Tender komissiyası təqdim edilmiş layihələrə baxılması, onların müqayisəsi, təhlili və qiymətləndirilməsi üçün ekspertlər cəlb edə bilər.

Maddə 14. Tender xərclərinin ödənilməsi Sosial sifarişlərin verilməsi üzrə tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün xərclər sifarişçinin hesabından ödənilir.

Maddə 15. Qiymətləndirmə meyarları 15.1. Tenderə təqdim olunmuş layihələr aşağıdakı meyarlar əsasında qiymətləndirilir:15.1.1. layihənin işlənmə səviyyəsi - onun təşkilati, texniki-iqtisadi, kadr, maliyyə və başqa təminatı;15.1.2. layihənin səmərəlilik dərəcəsi – gözlənilən dəyişikliklər və nəticələr, konkret fayda əldə edəcək şəxslərin dairəsi;15.1.3. layihənin iqtisadi cəhətdən sərfəli olması – mümkün qədər az məsrəflər tələb etməsi.15.2. Bütün başqa şərtlər eyni olduqda, uyğun istiqamətlər üzrə sosial layihələrin həyata keçirilməsində təcrübəsi olan iddiaçılara üstünlük verilir.15.3. Sifarişçi sosial sifarişin xarakterindən asılı olaraq qiymətləndirmənin əlavə meyarlarını müəyyən edə bilər.

Maddə 16. Tenderin baş tutmaması 16.1. Aşağıdakı hallarda tender baş tutmamış sayılır:16.1.1. tenderdə iştirak etmək üçün layihə təqdim etmiş iddiaçıların sayı üçdən az olduqda;16.1.2. təqdim olunmuş layihələrin heç biri tenderin şərtlərinə uyğun olmadıqda.16.2. Tender baş tutmadıqda sifarişçi bu Qanunun tələblərinə əməl etməklə yeni tender elan edir.

Maddə 17. Tender prosedurları 17.1. Hər bir iddiaçı tender təklifi kimi yalnız bir layihə təqdim edə bilər.17.2. Müəyyənləşdirilmiş qaydada hazırlanmış, iddiaçının imzaladığı və möhürlənmiş tender təklifi ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfini iddiaçı imzalayıb möhürləyərək sifarişçiyə təqdim edir.17.3. Tender prosedurası tender komissiyasının müəyyən etdiyi yerdə və vaxtda tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş prosedurlara uyğun olaraq aparılır və tender təklifləri daxil olduqları ardıcıllıqla açılır. Gecikmiş tender təkliflərini tender komissiyası qəbul etmir və açılmadan geri qaytarır.17.4. Tender prosedurasının açılışında iştirak edən şəxslərə hər bir iddiaçının adı, ünvanı, tender təklifinin məzmunu və şərtləri elan olunur. Tender təklifi vermiş, lakin tender prosedurasının açılışında iştirak etməyən iddiaçılara, onların sorğusu əsasında tender prosedurasında bütün iddiaçıların təkliflərinə dair elan olunmuş məlumatlar bildirilir. 17.5. İddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tender prosedurlarının açılışında iştirak edə və tender təkliflərinə dair elan olunan məlumatı təsdiqləyə bilər.17.6. İddiaçının və ya səlahiyyətli nümayəndəsinin tender prosedurlarında iştirak etməməsi həmin iddiaçının tenderdən kənarlaşdırması üçü əsas ola bilməz.17.7. Tender komissiyası tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə iddiaçılara öz təkliflərinə dair izahat vermək barədə sorğu verə bilər.

Maddə 18. Tenderin nəticələri

18.1. Sosial sifarişlərin verilməsi üzrə tenderin nəticələrini və qalibi tender komissiyası müəyyən edir.

18.2. Tender prosedurları zamanı və tenderin nəticələrinə dair qərar çıxarılarkən tender komissiyası üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Qərarı tender komissiyasının bütün üzvləri imzalayır.

18.3. Tender komissiyası tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında aşağıdakı qərarlardan birini qəbul edir:

18.3.1. iddiaçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında;

18.3.2. təkliflərin təhlilinə və müqayisəsinə daha çox vaxt lazım olduqda, tenderin müddətinin uzadılması haqqında;

18.3.3. heç bir tender təklifi tender predmetinin tam həcmdə icrasını təmin etmədikdə, tender predmetinin iki və ya daha çox iddiaçı arasında bölünməsi haqqında;

18.3.4. tender təkliflərindən heç birinin qənaətbəxş olmaması haqqında.

18.4. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi ilə razılaşmayan tender komissiyasının üzvləri öz xüsusi rəylərini təqdim edərək protokolu imzalamalıdırlar. Xüsusi rəy azlıqda qalanların ümumi rəyi, yaxud fərdi rəyləri şəklində tərtib edilə bilər.

18.5. Tenderin nəticələrinə dair tender komissiyasının qərarlarını yalnız məhkəmə ləğv edə bilər.

18.6. Tender komissiyası tenderin nəticələri haqqında yekun protokolu tərtib edir və protokolu komissiyanın bütün üzvləri imzalayır. Yekun protokolu sosial sifarişin icrasına dair müqavilənin bağlanması üçün əsas götürülür. Yekun protokolunun surəti onun imzalanmasından sonra 3 bank günü ərzində sifarişçiyə təqdim olunur.

18.7. Sifarişçi tenderin nəticələrinə dair qalib olmuş iddiaçı ilə sosial sifarişin yerinə yetirilməsi və ayrılmış vəsaitlərin istifadə edilməsi şərtləri haqqında mülki qanunvericiliyə uyğun müqavilə bağlayır.

18.9. Qalib olmuş iddiaçı müqavilə bağlamaqdan imtina etdikdə, tenderin nəticələrinə əsasən ikinci yeri tutmuş iddiaçı ilə müqavilə bağlanır.

IV. Yekun MÜddəalar

Maddə 19. Dövlət sosial sifarişlərinin yerinə yetirilməsi zamanı iqtisadi stimullaşdırma

19.1. Dövlət sosial sifarişlərin icraçıları üçün aşağıdakı iqtisadi stimullar tətbiq edilə bilər:19.1.1. vergi güzəştləri;19.1.2. güzəştli şərtlərlə kreditlər ayrılması;19.1.3. dövlət əmlakından istifadə olunmasında və icarə haqqında güzəştlər.

Maddə 20. Məsuliyyət 14.1. Sosial sifarişlərə dair müqavilə öhdəliklərini sifarişçi və ya icraçının yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi mülki qanunvericiliyə uyğun məsuliyyətə səbəb olur.14.2. Sosial sifarişlərə dair müqavilə öhdəliklərini yerinə yetirməkdən qəsdən imtina edən qeyri-hökumət təşkilatını məhkəmə 2 il müddətində sosial sifarişlər üzrə tenderdə iştirak hüququndan məhrum edə bilər.

Maddə 21. Bu Qanunun qüvvəyə minməsi Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

 

Last Updated (Wednesday, 16 March 2011 03:02)